şənbə 13 iyun 2026 - 20:27
Məhədiyyət mövzuları (53) | Qurani-Kərimdə Məhədiyyət (son hissə)

Hövzə | Qurani-Kərimin ayələri bəzən bir neçə mənaya malik olur. Bu mənalardan biri zahiri və ümumi məna, digəri isə batini məna, yəni ayənin daxili mahiyyəti (batini mənasıdır). Bu batini mənaya yalnız Peyğəmbər (s) və Əhli-beyt imamları (ə), eləcə də Allahın istədiyi şəxslər agah ola bilirlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhədiyyət mövzuları toplusu İmam Zamanın (ə.f) təlim və maarifinin yayılması məqsədilə hörmətli oxuculara təqdim olunur.

İmam Zaman (ə.f) və onun qlobal inqilabı ilə bağlı bəzi ayələr aşağıdakı kimidir:

Dördüncü ayə:

“وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُوا الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ”
(Bəqərə surəsi, 148-ci ayə)

Hər kəsin üz tutduğu bir istiqamət (qiblə) vardır. Elə isə, yaxşı işlər görməkdə yarışın! Harada olursunuz olun, (axirətdə) Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

Əhli-beytdən (ə) nəql olunan bir çox rəvayətlərdə “أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا” ifadəsi İmam Məhdinin (ə.f) zühuru zamanı onun köməkçilərinin bir araya toplanması kimi təfsir edilmişdir. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur:

“یعنی أَصْحَابَ الْقَائِمِ الثَّلَاثَ مِائَةٍ وَالْبِضْعَةَ عَشَرَ رَجُلًا، قَالَ وَهُمْ وَاللَّهِ الأُمَّةُ الْمَعْدُودَةُ، قَالَ يَجْتَمِعُونَ وَاللَّهِ فِي سَاعَةٍ وَاحِدَةٍ قَزَعٌ كَقَزَعِ الْخَرِيفِ”
(Əl-Kafi, c. 8, s. 313)

Mənası: İmam Məhdinin (ə.f) səhabələri nəzərdə tutulur ki, onlar üç yüz və bir neçə nəfərdir. Allaha and olsun ki, onlar “saylı ümmət”dirlər. Allaha and olsun ki, bir saat içində toplanacaqlar; payız küləyi ilə dağılmış bulud parçaları kimi.

İmam Rza (ə) buyurur:

“وَذَلِكَ وَاللَّهِ أَنَّهُ لَوْ قَدْ قَامَ قَائِمُنَا يَجْمَعُ اللَّهُ إِلَيْهِ شِيعَتَنَا مِنْ جَمِيعِ الْبُلْدَانِ”
(Biharül-ənvar, c. 52, s. 291)

Mənası: Allaha and olsun ki, Qaimimiz (ə) qiyam etdikdə Allah bizim şiələrimizi bütün şəhərlərdən onun ətrafına toplayacaqdır.

Bu təfsir ayənin batini mənalarından sayılır. Çünki rəvayətlərə görə Qurani-Kərimin ayələri həm zahiri, həm də batini mənaya malikdir. Batini mənanı isə yalnız Peyğəmbər (s) və Əhli-beyt imamları (ə) və Allahın istədiyi kəslər dərk edir.

Bu rəvayətlərə əsasən, qiyamət günü insan bədəninin dağılmış hissələrini dünyanın müxtəlif yerlərindən bir yerə toplamağa qadir olan Allah, İmam Məhdinin (ə.f) köməkçilərini də bir gün və bir saat içində ədalətli qlobal hökumətin qurulması üçün bir araya gətirməyə qadirdir.

Beşinci ayə:

“بَقِیَّتُ اللَّهِ خَیْرٌ لَکُمْ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ وَمَا أَنَا عَلَیْکُمْ بِحَفِیظٍ”
(Hud surəsi, 86-cı ayə)

Əgər iman gətirmişsinizsə, (bilin ki,) Allahın sizin üçün saxladığı (təyin etdiyi halal qazanc) daha yaxşıdır. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”.

Müxtəlif rəvayətlərdə “Bəqiyyətullah” ifadəsinin İmam Məhdinin (ə.f) varlığı və ya bəzi digər imamlar (ə) ilə təfsir edildiyi nəql olunmuşdur.

İmam Baqir (ə) buyurmuşdur:

“وَأَوَّلُ مَا یَنْطِقُ بِهِ هَذِهِ الْآیَةُ: بَقِیَّتُ اللَّهِ خَیْرٌ لَکُمْ إِنْ کُنْتُمْ مُؤْمِنِینَ ثُمَّ یَقُولُ: أَنَا بَقِیَّتُ اللَّهِ فِی أَرْضِهِ”
(Kəmalüddin və Təmamün-nimə, c. 1, s. 330)

Mənası: İmam Məhdinin (ə.f) qiyamından sonra söyləyəcəyi ilk söz bu ayə olacaq: “Bəqiyyətullah sizin üçün daha xeyirlidir, əgər möminsiniz.” Sonra isə deyəcək: “Mən Allahın yer üzündə qalan (Bəqiyyətullah)am.”

Doğrudur, ayənin zahiri mənasında xitab Şueyb qövmünədir və “Bəqiyyətullah”dan məqsəd halal qazanc və ya ilahi mükafatdır. Lakin hər bir faydalı varlıq ki, Allah tərəfindən insanlar üçün saxlanmış və onların xeyrinə səbəb olmuşdur, “Bəqiyyətullah” sayılır. Bu əsasla bütün peyğəmbərlər və böyük ilahi rəhbərlər də “Bəqiyyətullah”dır.

Lakin İmam Məhdinin (ə.f) son ilahi rəhbər olması və Peyğəmbərdən (s) sonra ən böyük rəhbər kimi qalması səbəbilə o, bu ünvanın ən aydın və ən layiqli nümunəsidir.

Altıncı ayə:

“هُوَ الَّذِی أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِینِ الْحَقِّ لِیُظْهِرَهُ عَلَى الدِّینِ کُلِّهِ وَلَوْ کَرِهَ الْمُشْرِکُونَ”
(Tövbə surəsi, 33-cü ayə)

Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Peyğəmbərini hidayət yolu və haqq din ilə göndərən Odur.

Eyni məzmun “Saff” surəsində də gəlmiş, “Fəth” surəsində isə kiçik fərqlə təkrar edilmişdir. Bu, mühüm bir hadisədən xəbər verdiyi üçün təkrar olunmuşdur və İslamın qlobal şəkildə yayılmasına işarə edir.

Bəzi təfsirçilər bu qələbəni məhdud və regional qələbə kimi izah etmişlər; lakin ayə ümumi və qeydsiz olduğuna görə onu məhdudlaşdırmağa dəlil yoxdur. Buradakı məna İslamın bütün dünyada üstünlük qazanmasıdır.

Şübhəsiz ki, bu hal hələ tam olaraq gerçəkləşməmişdir, lakin Allahın bu vədi tədricən həyata keçir. Rəvayətlərə görə bu proses İmam Məhdinin (ə.f) zühuru ilə kamala çatacaq.

Şeyx Səduq İmam Sadiqdən (ə) nəql edir:

“وَاللَّهِ مَا نَزَلَ تَأْوِیلُهَا بَعْدُ وَلَا یَنْزِلُ تَأْوِیلُهَا حَتَّى یَخْرُجَ الْقَائِمُ عَجَّلَ اللَّهُ تَعَالَىٰ فَرَجَهُ الشَّرِيفَ...”
(Kəmalüddin və Təmamün-nimə, c. 2, s. 670)

Mənası: Allaha and olsun ki, bu ayənin tam təfsiri hələ nazil olmayıb və yalnız Qaim (ə) zühur etdikdə həyata keçəcək. O zaman yer üzündə Allahı inkar edən və ya imamı qəbul etməyən heç kim qalmayacaq…

(Bəzi alimlərə görə, məhəddiyyət mövzusuna aid ayələrin sayı 120-dən də çoxdur. Bu səbəbdən burada bu qədər ilə kifayətlənilir.)

Bu mövzuların ardı var...

Mənbə: “Dərsnamə Məhədiyyət” kitabından müəyyən dəyişikliklə

Müəllif: Xudamurad Səlimiyan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha